"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Uğur Pamukun Sportal.az saytına
müsahibəsi
- İlk öncə “Kəpəz”lə oyun haqda fikirlərini bildirərdin.
Oyun necə keçdi?
- İlk hissə yaxşı oynamadıq. Nəsə çatmırdı. Düzdür, qol da
vurduq, amma birinci hissədə yaxşı təsir bağışlamadıq. İkinci hissədə qol
vurmaq üçün çox imkanımız oldu. Hesab 4-0, 5-0 ola bilərdi. Qol vəziyyətlərindən
maksimum yararlana bilmədik. Əvəzində rəqib fərqləndi.
- Uzun müddətdən sonra "Xəzər Lənkəran" Premyer
Liqada qələbə qazandı. Bundan sonra komanda uğursuzluq zolağından çıxa biləcək?
- Biz hər oyun qələbə üçün oynayırıq. İnşallah bunun ardı gələcək.
- Oyunda əvəzləndin. Bu oyununun alınmamasından irəli gəldi
yoxsa başqa səbəb var idi?
- Bəli həmin matçda oyunum heç alınmadı. Ona görə də baş məşqçi
məni əvəzlədi.
- Son matçlarda oyunun ümumiyyətlə alınmır. Səbəb nədir?Nəsə
problem var?
- Zədəli idim. Zədədən yenicə xilas olmuşam. Hələ özümü tam
hazır hiss etmirəm. İlk dəfə "Xəzər Lənkəran"a gələndə tamam başqa
cür futbol oynayırdım.
- Toşakın gəlişi səncə, komandada nəyisə dəyişib?
- Çox şey dəyişib. Güclü məşqçidi. Oyunçular da məşqçiyə güvənir.
Məşqçi yaxşı olanda, futbolçularda ürəklə oynamaq istəyirlər. Komanda da
ab-hava dəyişib.
- Qarşıda "Turan"la oyun var. Bu mövsüm nəsə
onlarla oyununuz alınmır. Düzdü, qalib gəlmisiniz. Amma Tovuzda məğlub
olmusunuz. Səncə qalib gələ bilərsiniz?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Məğlubiyyət haqqında
fikirləşmirik. Bizim üçün hər oyun vacibdi. Nə olsun ki, ikinci
"altılıq"dayıq. "Turan"ı məğlub etmək üçün əlimizdən gələni
edəcəyik.
- İkinci "altılıq"da oynamaq motivasiya baxımından
problem yaratmır sizə?
- İlk vaxtlar əhval-ruhiyyəmiz çox aşağı idi. Bu futboldu. Məqsədimiz
qarışıdakı oyunları qələbə ilə başa vurmaqdır.
- Demək olarmı ki, çempionat oyunlarından daha çox, kubok
oyununu düşünürsünüz?
- Kubok oyununu 4 gözlə gözləyirik. İnşallah qələbə
qazanacağıq. Bu bizim Avroliqaya getmək üçün son şansımızdı.
- "Xəzər Lənkəran" kubok oyununda növbəti mərhələyə
keçəcək gücdədi?
- "Bakı" zəif komanda deyil. Amma biz də güclüyük.
Biz heç bir komandadan çəkinmirik. Çıxıb var-gücümüzlə oyanayacağıq.
- Avrokuboklara vəsiqə qazana bilməsəniz, kubok oyunlarında
uğursuz çıxış etsəniz, bu sizin üçün faciə sayılacaq?
- Birinci faciəmiz oldu. İlk "altılıq"a düşə bilmədik.
Avrokuboklara vəsiqə qazana bilməsək, "Xəzər Lənkəran"ın adına
yaraşmayacaq. 100 faiz hazırlaşacağıq ki, kuboku Lənkərana aparaq. İnşallah
kubok bizim olacaq.
Elsevər MƏMMƏDOV
