“Mən həmin qarşılaşma zamanı stadionda cəmi 2 jurnalist görmüşəm”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XXV turu çərçivəsində “Dalğa Arena”da autsayder “Kəpəz”in qonağı oldu. “Ağ-yaşıllar”ın 2:1 hesabı ilə qələbə qazandığı görüşdə baş məşqçi Con Toşakla futbolçu Uğur Pamuk arasında söz atışmasının olması barədə xəbərlər yayılıb.
Yayılan xəbərlərin əsassız olduğunu bildirən Cəbrayıloğlu deyib ki, bütün bunlar yanlışdır: “Bu xəbəri yazan portalların əməkdaşları ümumiyyətlə, matçın keçirildiyi məkanda - “Dalğa Arena”da olmayıblar. Həqiqəti əks etdirməyən belə məlumat yaymaqla, aranı qarışdırmağa cəhd edirlər. Əvvəla, Toşak elə məşqçi deyil ki, futbolçu ona cavab qaytarsın. İkincisi, Pamuk mədəni insandır, heç vaxt özündən böyük insana cavab qaytarmaz”.
