8 Mart 2013 Cuma

Yeni Baş Məşqçimiz Haqqında Məlumatlar Və Uğurları


“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Xon Toşak dünyanın ən məşhur mütəxəssislərindən biridir. Apasport.az saytının məlumatına görə, böyük britaniyalı çalışdırıcı 1949-cu ildə Uelsin Kardiff şəhərində anadan olub.



Martın 22-də 64 yaşını qeyd edəcək Toşak futbolçu kimi “Kardiff” (1965-70), “Liverpul” (1970-78) və “Suonsi”də (1978-84) çıxış edib. Hücumçu kimi çıxış edən uelsli vətənində 3 mövsüm ardıcıl – 1966/67, 1967/68 və 1968/69-da ölkə kubokunun sahibi olub.

“Liverpul”un əzəmətli dövründə bu kluba keçən Toşak 1972/73, 1975/76 və 1976/77 mövsümlərində İngiltərə çempionu, 1973/74-də kubokunu qazanıb. Avropada Çempionlar kuboku (1976/77), UEFA kuboku (1972/73, 1975/76), Superkubok (1977) qazanıb.

Uelsə qayıdandan sonra oynayan məşqçi olan mütəxəssis “Suonsi”ni 1980/81, 1981/82, 1982/83 mövsümlərində ölkə kubokuna daşıyıb. Toşak 1969-80-ci illərdə Uels yığmasında hücumçu kimi çıxış edib və 40 oyuna 13 qol vurub.

Futbolçu kimi bütün uğurlarına baxmayaraq Toşak məşqçi kimi daha çox tanınıb. 1978-84-cü illərdəki “Suonsi” karyerasından sonra uelsli Pireney yarımadasına üz tutub. 1984-85-ci illərdə Portuqaliyada “Sportinq”i çalışdıran Toşak 1985-89-cu illərdə “Real Sosyedad”ın “sükanı arxasında” olub. Onun yetirmələri 1986/87 mövsümündə “Kopa del Rey”i qazanıb.

Toşakın uğurları bəhrəsini verib. O, “Kral klubu”na dəvət alıb. 1989-90-cı illərdə Madrid “Real”ına başçılıq edən mütəxəssis İspaniya çempionu titulunu qazanıb. Bunun nəticəsində 1989 və 1990-cı illərdə İspaniya çempionatı La Liqanın ən yaxşı baş məşqçisi seçilib.

1999-cu ildə yenidən Avropanın ən titullu komandası olan - “Kral klubu”na qayıdan Toşak İspaniyaya bağlılığı ilə seçilir. O, 1991-94 və 2001-02-ci illərdə də “Real-Sosyedad”da, 1995-97-də “Deportivo”da, 2004-cü ildə “Mursiya”da çalışıb. 1995-ci ildə İspaniya Superkubokunu qazanıb.

Bundan başqa Türkiyədə “Beşiktaş” (1997-99), Fransada “Sent-Etyenn” (2000-01), İtaliyada “Katanya” (2002-03) klublarına da başçılıq edən uelsli 1997/98 mövsümündə İstanbul komandası ilə ölkə kubokunu qazanıb.

Toşak karyerası ərzində 3 dəfə milli komandaya başçılıq edib. 2 dəfə Uels yığmasına təyinat alan çalışdırıcı 1994-cü ildə qısa müddətdə bu vəzifəni tutub. 2004-10-cu illərdə isə onun fəaliyyəti uzunmüddətli olub. Bunun ardınca isə o, Makedoniyaya üz tutub. 2011-12-ci illərdə bu ölkənin yığmasını çalışdırıb.

Uels yığması Toşakın rəhbərliyi altında 3 dəfə Azərbaycan yığması ilə görüşüb. DÇ-2006-nın (12.10.2005) və DÇ-2010-nun (06.09.2008) seçmə mərhələlərində Kardiffdə Toşakın yetirmələri yığmamızı müvafiq olaraq 2:0 və 1:0 hesabı ilə məğlub edib. DÇ-2010-nun seçmə mərhələsinin Bakıdakı matçına isə (06.06.2009) ciddi itkilərlə, az qala gənclərdən qurulmuş 2-ci heyəti gətirən Toşak 1:0 hesablı qələbəyə sevinmişdi.

Uelsli Makedoniya yığmasında çalışdığı vaxt həmin dövrdə “Neftçi”də oynayan Slavço Georgiyevski və İqor Mitreski də millidə çıxış edirdi. Lakin Toşak Georgiyevskidən imtina edib, Mitreskiyə ara-sıra ehtiyac duyurdu. Eyni sözlər ölkəmizdən çağırılan AZAL-lı Robert Petrova da aiddir.

Toşak Makedoniya yığmasının Azərbaycanla yoxlama oyunundan əvvəl bu milliyə baş məşqçi təyin olunmuşdu. Lakin balkanlıların 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada uelsli hələ işə başlamamış, oyunu televiziyadan izləmişdi.