10 Mart 2013 Pazar

“Xəzər Lənkəranda heç bir qruplaşma yoxdu” MÜSAHİBƏ



“Xəzər Lənkəran”ın hücumçusu Lusiano Olguinin azerisport.az saytına müsahibəsi


- Con Toşakın komandanıza baş məşqçi təyin olunmasını necə qarşıladınız?
- Toşak haqda o qədər də çox bilmirəm. Amma onun tanınmış klublarda çalışdığından xəbərim var. Fikrimcə, onunla çalışmaq klubumuza faydalı olacaq. Yeni baş məşqçi gələndə adətən futbolçular özünü göstərmək üçün daha yaxşı oynamağa başlayırlar.

- “Rəvan”la kubok oyunundan sonra yəqin ki, düşərgədə əhval-ruhiyyə də düzəlib. Siz də yeni klubunuzda ilk qolunuza imza atdınız...
- Mən sadəcə etməli olduğumu həyata keçirdim. Axı hücumçunun işi qol vurmaqdı. Çox şadam ki, komandamın yarımfinala çıxmasında mənim də payım oldu. İndi bu qolların davamını gətirmək daha vacibdi.

- “Rəvan” böyük hesabla uduzsa da, o qədər pis təsir bağışlamadı. Onlardan belə oyun gözləyirdiniz?
- Oyun çox maraqlı alındı. İlk altılığa düşə bilmədiyimiz üçün, kubokda irəliləmək bizim üçün çox vacib idi. Başqa yolumuz qalmamışdı. İlk oyunda olduğu kimi, bu dəfə də qələbə qazanmaq istəyirdik. Birinci hissədə daha yaxşı oynadıq. Düzdü, fasilədən sonra temp bir qədər aşağı düşdü, üstünlük rəqibin tərəfində idi. Amma buna baxmayaraq, biz sona qədər mübarizə aparıb, istədiyimizə nail olduq. “Xəzər Lənkəran” qələbəyə və yarımfinala çıxmağa layiq idi.

- Yarımfinalda sizi “Bakı” ilə duel gözləyir...
- Yarımfinala çıxan bütün klublar güclüdülər. Hamının finala çıxmaq şansları bərabərdi. “Bakı” haqda heç nə deyə bilmərəm. Amma “Xəzər Lənkəran” üçün kubok Avropa Liqasına vəsiqə qazanmaq baxımından yeganə şansdı. Ona görə də biz yarımfinalda bütün gücümüzü qoyacağıq. Bu komandanı keçməyə borcluyuq.

- İkinci altılığın ilk oyununda sizi yenə “Rəvan”la görüş gözləyir...
- Kubok oyunları artıq geridə qalıb. Amma bu oyuna da əvvəlki görüşlərə hazırlaşdığımız kimi yanaşacağıq. Rəqibə hörmət edirik. Lakin qələbə qazanmaq istəyiriksə, mütləq güclü olduğumuzu isbatlamağımız lazımdı. İkinci altılıqda oynasaq da, hər matça qələbə üçün çıxacağıq.

- Bu yaxınlarda mətbuatda belə iddialar səslənməyə başladı ki, “Xəzər Lənkəran”ın legioner futbolçuları sabiq baş məşqçi Karles Bakesin tərəfində deyildilər. Onun gedişindən sonra komandanın daha inamlı təsir bağışlamağa başlaması təsadüfdü, yoxsa...?
- Belə bir şey yoxdu. Yanvardan bu komandanın düşərgəsindəyəm və həmişə yaxşı atmosferin şahidi olmuşam. Bütün oyunçular Bakesə hörmətlə yanaşırdılar. Heç bir problem yox idi. Sadəcə, komandanın oyunu alınmırdı. Buna görə də çoxlu xal itirirdik. Uğursuzluq hər bir komandada ola bilər. Komandada heç bir qruplaşma olmayıb. Sadəcə, “qara zolağa” düşmüşdük.