8 Mart 2013 Cuma

“Baş məşqçi seçimində yanlışlıq ola bilməzdi” - MÜSAHİBƏ



“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi


- Komandanıza yeni baş məşqçi təyinatı ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Yeni baş məşqçimizlə bağlı artıq razılığa gəlmişik. Bu, tanınmış uelsli mütəxəssis Con Benjamin Toşakdır. Onunla bir neçə gündür danışıq gedirdi. Bildiyiniz kimi, ispaniyalı Karles Martorell Bakes baş məşqçi postundan gedəndən sonra “Xəzər Lənkəran” klubu bütün gücünü yeni çalışdırıcı axtarışına yönətlmişdi. Nəticədə fəxri prezidentimiz Mübariz Mənsimov bu gün Türkiyədə məsələyə son qoydu. “Palmalı”nın baş ofisində keçirilən görüşdən sonra təyinat gerçəkləşib.

- Müqavilənin müddəti nə qədərdir?
- Toşakla “2+1” illik müqavilə razılaşdırılıb.

- Onun rəsmi təqdimatı nə vaxt olacaq?
- Martın 15-də komandaya qoşulacaq. Bundan sonra təqdimatı olacaq.

- Yəqin ki, yeni baş məşqçi futbolçularla bağlı qərar verəcək...
- Bəli. Təbii ki, bu, artıq baş məşqçinin səlahiyyətində olan məsələdir. Toşak lazım bilsə, yeni futbolçuları cəlb edəcək. Artıq o qərar verəcək ki, kim komandada qalacaq, kim gedəcək. Bu, sırf baş məşqçinin qərarından asılıdır.

- “Xəzər Lənkəran” 3 baş məşqçiyə təklif göndərdiyini rəsmən açıqlamışdı. Niyə məhz Toşaka üstünlük verildi?
- Bildiyiniz kimi, klubumuzun prezidenti Mais Mənsimovun saytınıza müsahibəsində bu məsələ vardı. Bu 1 il ərzində 3 baş məşqçi dəyişikliyi oldu. Onların da fəaliyyəti qısamüddətli oldu və “Xəzər Lənkəran” yaxşı nəticə göstərə bilmədi. Baxmayaraq ki, keçən il çempionatda 2-ci yeri tutdu, tarixində ilk dəfə Avropada mərhələ adladı. Ancaq “Xəzər Lənkəran”ın qarşıda 10 illik yubileyi gəlir və artıq baş məşqçi seçimində yanlışlıq ola bilməzdi. Ona görə klubumuzun prezidenti demişkən, aparıcı futbol ölkələrindən olan, çempionluq qazanmış, nəticə vermiş, artıq öz sözünü demiş baş məşqçi olmalı idi. Bu üzdən məhz Toşakın üzərində dayanıldı.

- Ancaq belə tanınmış mütəxəssisin razılığını almaq asan məsələ deyil. Toşak “Xəzər Lənkəran”a gəlməyə çox tərəddüd eləmədi?
- Bir neçə məşqçi ilə danışıqlar oldu. Prezidentimiz, fəxri prezidentimiz artıq seçimlərini Toşakın üzərində saxladılar.

- Yəni bu mövsüm üçün qarşıda duran vəzifə ölkə kubokunu qazanıb, Avroliqada vəsiqə qazanmaq olacaq...
- Həm kubok, həm də gələn il çempionluq, yəni hər bir şey.

- Toşakın rəhbərlik etdiyi məşqçilər korpusu necə olacaq? Hazırkı məşqçiləriniz Emin Quliyevlə ispaniyalı Erik Roketa qalacaqlarmı?
- Bunlar hamısı baş məşqçinin səlahiyyətində olan məsələdir.

Mehman SÜLEYMANOV