23 Şubat 2013 Cumartesi

"Xəzər Lənkəran"da yaxşı bilirlər ki, həmin vaxt niyə ordan getdim" MÜSAHİBƏ



Oktay Dərəlioğlu: "Həm Lənkəran, həm də Azərbaycan futboluna faydalı olmaq istəyirəm"


"Xəzər Lənkəran"ın keçmiş hücumçusu Oktay Dərəlioğlu "Sport Favorit" qəzetinə müsahibə verib. Sportal.az müsahibəni təqdim edir:


- Hazırda nə işlə məşğulsuz?
- Məşqçilik lisenziyamı təzə almışam. UEFA A kateqoriyası verdi mənə.

- Artıq 4 ilə yaxındı ki, futbolçu karyeranızı bitirmisiz. Nəyə görə bu müddətdə iş tapa bilmirsiz?
- Özümə uyğun klub tapmıram. Futbolçu olsaydım, problem yaranmazdı. İndi ayağımla yox, beynimlə iş görəcəm, ona görə hər komandaya getmək olmaz. Elə bir klub olmalıdı ki, planlaşdırdığım işləri yerinə yetirsin.

- Türkiyədə belə bir klub yoxdu?
İndiyə qədər tapa bilməmişəm. Türkiyədə klub rəhbərləri bir az fərqlidi, “hər şeyi biz bilirik” deyirlər. Çətinliyim bu üzdəndi. İnan, darıxmıram. Heç yaxınlarda dəvət də gəlməsin. Gec-tez işləyəcəm və uğur qazanacam.

- Vaxtilə sizinlə çiyin-çiyinə oynayanların bir çoxu artıq məşqçilikdə öz sözlərini söyləyirlər. Biri Ertuğrul Sağlam. Sizlə maraqlanan da olmayıb?
- Oldu, oldu.

- Hansı klublarla görüşdüz?
- Ad çəkməyim. O klublardı ki, onlarla razılığa gələ bilməyəcəmi öncədən təxmin etmişdim. İşləmək üçün gərək təcrübən olsun. Gərək, bir komandada azı 3-4 il işləyəsən ki, işi hərtərəfli öyrənəsən. Klub da sənə həm maddi, həm də mənəvi kömək eləsin. Axı mənim də adım var. İlləboyu qazandığım hörməti məşqçilikdə itirmək istəmirəm.

- Mübariz Mənsimovla münasibətiniz davam edir?
- Çox yaxşı münasibətimiz var. Lənkərana qayıda bilərdim. Son anda danışıqlar baş tutmadı. Azərbaycanın başqa klublarından da təkliflər almışam. Adlarını çəkmək istəmirəm, mən birinci “Xəzər Lənkəran”da işləmək istəyirəm.

- Mənsimov sizə nə vaxt bu təklifi etdi?
- Təxminən 3-4 ay öncə. Əvvəl də belə bir söhbətimiz olmuşdu. Yenə görüşdük, söhbət elədik. Mübariz bəy məni, mən də Mübariz bəyi çox istəyirəm. Lakin görüşmələrimiz nəticəsiz qaldı. Mübariz bəyə dedim ki, hələ hazır deyiləm. Ancaq açığı, özüm “Xəzər Lənkəran”da işləmək istəyirəm.

- Bildiyimizə görə, hazırki klub rəhbərliyi ilə işləmək istəmirsiz.
- Yox, yox. Ondan söhbət gedə bilməz. Mənim Azərbaycanda heç kimlə problemim yoxdu. Ordakı hər kəsi çox sevirəm. Mais Mənsimov məni yaxşı tanyır. Qarşılıqlı hörmətimiz var. İki il Lənkəranda oynadım, Mais bəydən heç narazılığım olmadı. O, futbolçuya, komandaya can yandırırdı. "Xəzər Lənkəran"da yaxşı bilirlər ki, həmin vaxt niyə ordan getdim. Bunun yerli rəhbərliklə əlaqəsi yoxdu. Bir incikliyim olmuşdu, o da başqa adama görə. Yox, digər rəsmilərlə də aram yaxşıdı. Onlar məni futbolçu kimi görüblər və hörmət ediblər. Məşqçilik isə belədi ki… Mən işimə heç kimi qarışdırmıram. İşimi öz planlarım və layihələrim çərçivəsində görürəm. Əgər söhbət futboldan gedirsə, heç kimi qatmıram. Çalışıram tək başına həll eləyim. Klub rəhbərlərinə hər zaman hörmətim olub.  

- Bizə söylədiklərinizi klub patronunun diqqətinə çatdırmadız?
- Dedim ki, mən, 4-5 il içərisində “Xəzər Lənkəran”ı Avropa klubu edərəm. Hər zaman avrokuboklarda uğur qazanan və futbola bir çox gənc istedadlar bəxş edən komanda yaradaram. Mən o vaxt “Xəzər Lənkəran”a gələndə heç nə yox idi. Biz orda nələr elədik? Klubun yarandığı ilk ildə çempionluğu "qızıl matç"da qaçırdıq. Nə baza vardı, nə qalmağa yer. Oynamağa stadion tapa bilmirdik. Mal-qaranın otladığı meydançada məşq edirdik. Bu gün isə hər şərait var. Stadion luks, baza luks. Futbol oynamaq üçün hər şey! İndi əsas odu ki, pulu düzgün yerə xərcləyəsən.Mən pulgir deyiləm. Böyük pullar da tələb eləmirəm. İstəyirəm ki, məşqçi kimi çalışdığım komanda yuxarılarda getsin, patronun xərclədiyi pul özünə geri qayıtsın. Bunun üçün çox çalışmaq lazımdı.

- Mübariz bəy sizinlə razılaşdı?
- Bir daha təkrar edirəm, heç kimlə problemim yoxdu. Şəxsi prinsiplərim var. Başa düşürsüz, məni? Komandanın bütün səlahiyətləri məndə olmalıdı. Heç vaxt işlədiyim kluba ziyan vermərəm. Sizin vasitənizlə bütün Azərbaycana, xüsusən Lənkəran camaatına demək istədiyim sözlər var: mən səhv iş görmərəm, pis iş tutmaram. Həm Lənkəran, həm də Azərbaycan futboluna faydalı olmaq istəyirəm. Necə ki, getdim “Xəzər Lənkəran”a, futbolçu kimi xeyir verdim. İndi də məşqçi kimi öz xeyirimi vermək istəyirəm. Bu qədər.

- Əgər hər şey dediyiniz kimidisə, danışıqlarınız niyə baş tutmadı?
- Özüm də heç nə bilmirəm. Onu deyərdim ki, Lənkəranda olduğum müddətdə heç kimlə problem yaşamadım, ola da bilməzdi.

- Klubun sahibi sizinlə nədə razılaşmadı?
- Yenə deyirəm, Mübariz bəy məni çox sevir. Məni yenidən Lənkərana gətirmək istəyir. Amma niyə alınmır, səbəbini mən də bilmirəm. Son olaraq demişdi ki, Oktay, səni qardaşım kimi çox istəyirəm, Lənkəranda işləməyini arzulayıram, bir müddət gözlə. Bundan sonra heç bir səs-soraq yoxdu. Hazırda gözləyirəm. kimlə problemim yoxdu. Şəxsi prinsiplərim var.

- Xəbəriniz var ki, sizin dönəmdə çempionluq uğrunda mübarizə aparan “Xəzər Lənkəran” bu gün ilk “altılığ”a düşə bilmir?
- Bəs mən də onu deyirəm də! Hər şeyi pulla almaq olmur. Mən də elə bir klubda işləmək istəyirəm ki, pul doğru yerə xərclənsin. Bunun üçün rəhbərlik bir çox səlahiyyətləri mənə təhvil verməlidi. O insanlardanam ki, hər bir şeyin açıqlamasını verə bilərəm. Transferlərdə klubuma pul qazandırmaq istəyirəm.

- Demək istəyirsiz ki, “Xəzər Lənkəran”da hazırda vəziyyət o yerdə deyil?
- Mən, sadəcə, öz iş sistemimi dedim.