25 Şubat 2013 Pazartesi

Babək Quliyev "Xəzər Lənkəran"da EKSKLÜZİV



Keçmiş FİFA referisi idman direktoru təyin olundu

Son turda səfərdə "Qəbələ"yə uduzan "Xəzər Lənkəran" ilk "altılıq" şanslarını xeyli azaltdı. Artıq cənubluların 6 ən güclü komanda arasına vəsiqə qazanması özündən deyil, "Bakı" - "Rəvan" matçının nəticəsindən asılıdı.

Ümumiyyətlə, komandanın cari mövsümdə uğursuz çıxışı və "altılıq"dan kənarda qalmaq təhlükəsi klub rəhbərliyini ciddi addımlar atmağa vadar edib. Sportal.az-ın əldə etdiyi xəbərə görə, "Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov komandanı bu vəziyyətdən çıxarmağı düşünür. Bu səbəbdən də klubun idman direktoru vəzifəsinə beynəlxalq dərəcəli keçmiş hakim Babək Quliyev təyin olunub.

Quliyev bundan sonra cənubluların həm əsas komandası, həm də uşaq futboluna cavabdeh olacaq. Ona çempionat itirilsə də, kuboku Lənkərana gətirmək barəsində tapşırıq verilib.

Babək Quliyev futbol həyatına 1983-cü ildə futbolçu olaraq başlayıb. 2001-ci ildən etibarən hakimlik fəaliyyətinə start verən Quliyev 2002-ci ildən peşəkar karyerasına FİFA referisi olaraq davam edib. 2009-cu ilə qədər Azərbaycanı beynəlxalq arenalarda təmsil edən referi 2009-cu ildə hakimlikdən kənarlaşdırılıb. Bununla belə, Babək Quliyev futboldan uzaqlaşmayıb. O, hazırda bir sıra media orqanlarında futbol eksperti olaraq hakimliyin səviyyəsini şərh edir.