Əziz oxucularımız, diqqətinizə “Xəzər Lənkəran” Futbol Klubuna məxsus və Almaniyanın Ayntraxt (Frankfurt) klubunun ikinci komandasında icarə əsasında oynayan, eyni zamanda U-17 Azərbaycan Milli yığmasının futbolçusu olan komandamızın gələcək ulduzu Cem Felekin rəsmi saytımıza verdiyi müsahibəni çatdırırıq.
Məlum olduğu kimi, adın müqavilə ilə “Xəzər Lənkəran”la
bağlıdır. Özünü “Xəzər Lənkəran”lı kimi hiss edirsən?
- Bildiyiniz kimi, mən hal-hazırda Azərbaycan milli
komandasında oynayıram. Türkiyədə və ya Azərbaycanda doğulmağımın heç bir fərqi
yoxdur. Türkəm, amma qəlbim Azərbaycan üçün də döyünür. “Xəzər Lənkəran” mənə
sahib çıxdı, mənə kömək etdi. Mən də bu sevginin qarşılığını “Xəzər Lənkəran”a
və Azərbaycana bəsləyirəm.
Hal-hazırda Almaniyada top qovursan. Komandanın mövcud vəziyyəti
necədir?
- Düzünü desəm, komandanın hazırkı durumu elə də yaxşı
deyil. Mən də bir müddətdir ki, zədəliyəm. Çalışıram ki, tezliklə zədəmi bərpa
edərək, performansımı geri qaytarım. O zaman komandaya faydalı olacağıma əminəm.
Komandanın da qısa müddətdə daha yaxşı vəziyyətə gələcəyinə ümid edirəm.
Komandadakı rolunu, oyun içindəki yerini necə dəyərləndirirsən?
Komandaya faydalı olduğunu düşünürsənmi?
- Mən komandanın ən dəyərli oyunçularından biriyəm. Bunu
hamı görür və bilir. Əgər komanda üçün faydalı olmasaydım, bu yerlərə gəlib
çıxmazdım. Hal-hazırda komandamın və Azərbaycan Milli Komandasının əsas
oyunçularından biriyəm. Amma bilirəm ki, öz üzərimdə daha çox çalışmalıyam ki,
daha da faydalı olum.
Yeri gəlmişkən, öyrənmək bizim üçün maraqlı olardı; Avropa
qrandlarından ən sevdiyin klub, bəyəndiyin məşqçi və ideal hesab etdiyin
futbolçu hansılardır?
- Suallarınızı elə verdiyiniz ardıcıllıqla
cavablandıracağam: Real Madrid, Joze Mourinyo, Kristiano Ronaldo.
Qayıdaq “Xəzər Lənkəran”a. Klubumuzun sənin yetişməyində
rolunu necə dəyərləndirirsən? Bu klub sənə futbolçu olaraq nələr qatdı?
- Əlbəttə ki, “Xəzər Lənkəran”ın mənə əvəzsiz köməyi dəydi.
Mübariz Mənsizmov və Mais Mənsimova çox təşəkkür edirəm. Onlar məni oğulları
kimi görürlər və məndən heç vaxt dəstəklərini əsirgəmirlər. Mən də çalışıram
ki, onların inamını boşa çıxarmayım.
Futbolçu kimi professional gələcəyini necə görürsən?
- Indi bu barədə danışmaq düzgün olmaz. Bunu zaman göstərəcək.
Amma mən peşəkar futbolçu kimi formalaşmaq üçün öz üzərimdə işləyirəm. Buna təkcə
fiziki məşqlər aid deyil, həm də həyat tərzi çox önəmlidir. Mən məşqlərlə bərabər,
yeməyimə, istirahət vaxtlarıma da nəzarət edirəm. Valideynlərim də bunun üçün mənə
dəstək olur. İnşallah onların dəstəyi, özümün də zəhmətimlə yaxşı yerlərə gələcəyimi
düşünürəm.
Bildiyin kimi, “Xəzər Lənkəran” öz çılğın azarkeşləri ilə məşhurdur.
“Xəzər Lənkəran”a dönmədən öncə onlara demək istədiyiniz bir şey varmı?
- Əlbəttə, Azərbaycanda azarkeşlərin futbola marağının günü
gündən artması sevindirici haldır. Demək istəyirəm ki, futbolu ürəkdən izləmək
çox yaxşı haldır. Azarkeşlər həddi aşmadan, bir-birinə hörmət edərək futbolu
izləməyə davam etsinlər.