22 Şubat 2013 Cuma

Bu oyun bizim üçün çox vacibdi-MÜSAHİBƏ



Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes Topaz Premyer Liqasının 21-ci turunun “Qəbələ” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.


- “Qəbələ” ilə oyundan gözləyirsiz?
- Bu oyun bizim üçün çox vacibdi. Komandam Qəbələyə yalnız qələbə üçün gəlib. Bilirik ki, qələbə rəqib komandaya da çox lazımdı. Qəbələlilər son dövrlər yaxşı oynayırlar. Buna baxmayaraq, biz qələbə qazanıb, yolumuza ilk altılıqda davam etmək istəyirik. Fikrimcə, bu, bizdə alınacaq.

- “Qəbələ”nin oyununu sonuncu dəfə nə vaxt izləmisiz?
- Bu komandanın “İnter” və “Qarabağ”la oyunlarına baxmışam. Rəqibi yaxşı analiz etmişik. “Qəbələ”nin hansı mövqelərdə daha güclü və ya zəif olduğunu bilirik.

- Bunları açıqlaya bilərsiz?
- Qoy bu, bizim sirrimiz olaraq qalsın. Mən inanıram ki, “Xəzər Lənkəran” bu rəqibini zərərsizləşdirmək üçün özündə güc tapacaq.

- Sizcə, bu oyunla çempionluq uğrunda mübarizə aparmaq olar?
- “Xəzər Lənkəran” hələ optimal forma yığa bilməyib. Buna görə də belə oyunun bizə titul gətirəcəyini demək olmaz. Mən “İnter”, “Neftçi” və “Qarabağ”ı çempionluğa əsas namizəd göstərənləri başa düşürəm. Amma qarşıda hələ 12 tur var.

- “Qəbələ”nin zəif yerlərini bildiyinizi deyirsiz. “Xəzər Lənkəran”da da müdafiə xəttində problemlər özünü göstərir. “İnter”dən üç, “Turan”dan iki qol buraxmısız...
- Həqiqətən də komandamızın müdafiə xəttinin oyunu xoşuma gəlmir. Məsələn, “Turan” kimi komandalarla oyunlarda iki qol buraxmamalıyıq. Amma biz çatışmazlıqları aradan qaldırmaq üçün çalışırıq.

- Hansı rəqiblərin oyununu xüsusi qeyd edə bilərsiz?
- “İnter”in oyunu çox xoşuma gəlir. Oyunçuları bir-birini çox yaxşı başa düşürlər. Məşqçi işi də hiss olunur. Amma fərdi oyun baxımından “Neftçi”ni qeyd edərdim. Çox əla futbolçuları var.