22 Nisan 2013 Pazartesi

"Toşak bizi bu görüşə elə hazırlamışdı ki, elə bil final oyunu idi" MÜSAHİBƏ



"Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanovun Sportal.az saytına müsahibəsi 


- “Sumqayıt”la doğma meydanda 0:0 etdiniz. Neçə oyundu ki, öz meydanınızda qalib gələ bilmirsiz. Axırıncı dəfə Premyer Liqada “Turan”ı məğlub etmisiz.
- Dünənki matçda yaxşı oyun oynadıq. Birinci hissədə elə şanslar əlimizə düşdü ki, onları dəyərləndirsəydik, oyun daha fərqli ola bilərdi, yəni 4:0, 5:0 qurtara bilərdi. Amma qol imkanlarından yararlana bilmədik. İkinci hissənin ilk 15 dəqiqəsini yaxşı oynamadıq. Amma qalan vaxt ərzində yaxşı təsir bağışladıq. Oyuna yaxşı hazırlaşmışdıq, yaxşı da oynadıq. Udulası oyun idi. Yəqin qismət deyilmiş, ona görə də uda bilmədik. 

- “Rəvan”la oyunda 3 qol vurdun. Hamı bu qolların ardını gözləyirdi. Amma son oyunlarda qol vura bilmirsən. Öz oyunun haqqında nə deyərdin?
- Əvvəl “Rəvan”la oyunda hücumçu mövqeyində çıxış edirdim. Amma son oyunlarda hücumda oynamıram. Düzdü, məşqçi məndən qol gözləyir, qabaqda oynayıramsa, qol vurmalıyam. Son oyunlarda hücumameyilli oynayıram. Qoldan çox məndən ötürmə gözləyirlər. Özüm də qoldan çox ötürməyə üstünlük verirəm. Çünki borcum odu ki, yaxşı mövqedə dayanan futbolçulara yaxşı ötürmə verim. Onlar da qol vursun. 

- “Bakı” ilə oyunda bir epizodda Kamran Ağayevlə təkbətək qaldın. Həmin anda qol vursaydın, oyunun taleyi başqa cür olardı?
- Qismət deyilmiş, vurmamışam. Mənim yerimdə başqa oyunçu da olsaydı, həmin epizodda qol olmasını istərdi. Çünki səfərdə kubok oyunu oynayırdıq. Komanda yoldaşlarım da istəyirdi ki, həmin anda qol vurum. Hamıdan çox özüm qol olmasını istəyirdim. Bəlkə burdakı oyunda qol vurdum, bilmək olmaz. 

- Con Toşak oyunlarda sənə çox güvənir. Onun etimadını doğrultduğunu düşünürsən?
- Çalışıram. Onun kimi təcrübəli məşqçi mənə inanıb əsas heyətdə meydana buraxırsa, mən də onun etimadını doğrultmağa çalışıram. Borcumuzdu, yəni biz futbolu kiməsə görə oynamırıq. Özümüz üçün oynayırıq. Kollektiv oyun sərgiləyirik. Ən azından Toşak kimi məşqçimiz var. O, bizə güvənir, hər oyuna bizi yaxşı hazırlayır. “Sumqayıt”la matç çempionat oyunu idi. Amma bizi bu görüşə elə hazırlamışdı ki, elə bil final oyunu idi. Oyunlara fərq qoymur. Bizə deyir ki, hər görüşə final oyunu kimi hazırlaşın. Biz də ondan futbolun sirlərini öyrənməyə çalışırıq. 

- Qələbə qazanmamağınızın səbəbi oyunçu problemi ola bilər? Uğursuzluğa səbəb kimi futbolçu qıtlığını əsas götürmək olar?
- Nə bilim. Bu haqda heç nə deyə bilmərəm. “Sumqayıt”la oyunda qol imkanlarımız var idi. Sadəcə şanssızlıq oldu. Başqa heç nə. Mən məşqçi deyiləm ki, deyim filan yerdə zəif oyunçumuz var. Məşqçi yəqin ki, bilir. Özü biləcək ki, hansı mövqeyə futbolçular lazımdı. 

- Deyirsən ki, biz yaxşı oynadıq. Amma azarkeşlər komandanın “Sumqayıt”la oyunundan narazı qaldı. 
- Ola bilər. Azarkeşlər bizdən yalnız qələbə gözləyir. Biz nə qədər yaxşı oynasaq da, qələbə qazanmasaq, azarkeşlər bizdən narazı qalacaq. Hazırda qələbə qazanmaq bizim üçün vacibdi. O cür fanatlarımız var. Elə dəstəyin qarşısında onlar bizdən yalnız qələbə gözləyir. Biz də onu qazana bilmiriksə, narazı qalacaqlar, razı qalmazlar ki.

- Demək olarmı “Bakı” ilə oyunda Orxan Sadıqlı qapıda olmasaydı, hesab böyük olardı? 
- Əlbəttə. Orxan Sadıqlı orda çox güclü oynadı. 100 faizli topları qaytardı. Böyükhesablı uduza bilərdik. Mən qol vursaydım, oyun başqa cür də ola bilərdi. Amma qismət belə imiş. Yenə də qapıçımızın oyununu qeyd etmək lazımdı. 

- Qarşıda “Bakı” ilə kubokun cavab oyunu var. Səncə, “Xəzər Lənkəran” mərhələni keçə biləcək?
- Ağır oyun olacaq. Amma biz “Bakı”dan qorxmuruq. Bizim bir məqsədimiz var, o da kubokdu. Onsuz da çempionat əldən gedib. Kubokda şansımız qalır. 90 dəqiqə ərzində məndən tutmuş hər bir oyunçu bilir ki, yeganə şansımız bu oyundu. Var-gücümüzlə bu oyuna çıxacağıq. Mən komandaya inanıram. 

- Komanda məğlub olsa, azarkeşlərin qarşısına necə çıxacaq, nə cavab verəcək?
- İnşallah, elə şey olmaz. 


Raifə İBRAHİMOVA