Elnur Allahverdiyev hücum xəttindən narazıdır: "Nə qədər arxada müdafiə olunub top saxlamaq olar?" (MÜSAHİBƏ)
Müəllif: Sportinfo.Az
Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın müdafiəçisi Elnur Allahverdiyev Sportinfo.Az-ın Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsində toplanışın gedişindən, komandasındakı problemlərdən danışıb.
- Son yoxlama görüşündə Rumıniyanın "Timşoura" klubuna da məğlub oldunuz...
- Təlim-məşq toplanışındayıq, ağır məşqlər keçirik. İstəməzdik ki, məğlub olaq, amma dediyim kimi, ağır məşqlər özünü göstərir. Yorğunluq istər-istəməz, öz sözünü deyir.
- Komanda qol vura bilmir, amma çox asan qollar buraxır. Bunu nə ilə izah edərdin?
- Düzdür, qollar buraxırıq, amma bizdə hücum xətti yoxdur. Həqiqətən ön xəttə çox zəif oynayırıq. Şəxsən mənim fikrimcə, hücumçumuz olmasa bizimüçün çoxçətin olacaq. Hücumsuz futbolun nə gözəlliyi ola bilər? Nə qədər arxada müdafiə olunub top saxlamaq olar? Müdafiəçilər də əvvəl-axır yorulacaq və səhv edəcək. Biz səhv edəndə də istəyirik ki, hücumçular qol vursun və bizi çətin vəziyyətdən çıxartsın. Ancaq indiki halda bu perspektivi görmürəm.
- Hücum bir yana, hələ qapıçı probıemi də həll olunmayıb. Biri ilə müqavilə bağlandı, sonra geri göndərildi. İndi də bir xorvat qapıçı gəlib, amma o da hələ hiss olunur ki, tam formada olan qapıçı deyil. Yəni, Kamranın yerini verə bilmirlər.
- Düzdür, Kamranın yerini doldura bilmirlər. Orxan gəncdir, perspektivlidir, amma istənilən halda qapıçı lazımdır. Çünki bir qapıçı ilə uğur qazanmaq olmaz.
- Yanvarın sonunda Dubayda təşkil olunan toplanışa sən də dəvər almamısan?
- Yox, dəvət almamışam.
- Maraqlıdır ki, Foqts Rəşad Sadıqov, Mahir Şükürov, kamran Ağayev kimi təcrübəli futbolçuları da çağırmayıb. Səncə, bu nəyə işarədir?
- Ola bilsin, Foqts gənc futbolçuları yoxlayır.
- Yeri gəlmişkən, Foqts səni millidən daxili çempionatda aldığın cəzaya görə uzaqlaşdırmışdı. Bəlkə, səninlə prinsip aparır?
- Bu hal bir dəfə başıma gəlib. Amma mən belə şeylərə görə həvəsdən düşmürəm. İnanıram ki, öz oyunum, öz gücümlə yenidən milli komandaya qayıdacam, öz yerimi bərpa edəcəm.
Anar XANLAROV, Antalya
