Mario Souza: "Lənkərandan gedişim mənim üçün şok idi"
"Xəzər Lənkəran", "İnter" və "Simurq"un sabiq futbolçusu, braziliyalı yarımmüdafiəçi Mario Souzanın Sportal.az saytına müsahibəsi
- İndi futbol sahəsində çalışırsan?
- Bəli, yenə də sevimli sahəmdə işimə davam edirəm. Amma daha nə futbolçu, nə də məşqçiyəm. Braziliyada futbol meneceri işləyirəm.
- “Xəzər Lənkəran”da oynadığın illəri necə xatırlayırsan?
- Mən indi də imkan düşdükcə internetdə “Xəzər Lənkəran”ın oyunlarına baxıram. Yenə də onlara azarkeşlik edirəm. Həmişə olduğu kimi onlar çempionluq üçün oynayırlar. Amma bu mövsümün ilk yarısını zəif keçirdilər.
- Lənkəran klubuna qayıtmaq kimi bir arzun olub?
- Əlbəttə, həmişə ora qayıtmaq istəmişəm. “Xəzər Lənkəran” Azərbaycanda ən böyük azarkeş kütləsinə malik komandadı. Orda oynamaqdan zövq alırdım. Yenə də qayıdıb o komanda üçün əlimdən gələni etmək istəyərdim. Amma bu gün bu real görünmür. İnanıram ki, nə vaxtsa ora qayıdacam. Məşqçi kimi onlara kömək etmək istərdim.
- Bilirsən ki, cənublu fanatlar səni hələ də unutmayıb? Onların ağlında hələ də “Super Mario” var...
- Mən Braziliyadan Lənkərana gələndə ağlıma belə gəlməzdi ki, mən o klubu bu qədər sevəcəm və azarkeşlər mənə bu qədər dəyər verəcəklər. “Xəzər Lənkəran” zirvələrə layiq klubdu. Mən də lənkəranlı azarkeşləri heç zaman unutmadım və unutmayacam. Onlar daim mənim ürəyimdədi. Biz onlara çempionluq, kubok sevinci yaşatdıq, amma Avropada sevinc yaşada bilmədik.
- Dedin ki, keçmiş komandanın oyunlarını izləyirsən...
- Vaxtım olanda mütləq baxıram. Amma mənim də işlərim çox olur. Bilirəm ki, mövsümün ilk yarısında uğursuz çıxış ediblər. Turnir cədvəlində ilk “altılığ”ın son pilləsindədilər. Amma orda yaxşı futbolçular və peşəkar insanlar var. İnanıram ki, komandanı bu durumdan xilas edəcəklər.
- Sən oynadığın vaxtla müqayisədə “Xəzər Lənkəran”da nə dəyişib?
- Dəyişən təkcə futbolçulardı. Bizim oynadığımız illərdə olduğu kimi yenə çempionluq, kubok arzusu, istəyi var komandada. “Xəzər Lənkəran” elə bir klubdur ki, daim uğurlu çıxış etməlidi. Çünki bu komandanın azarkeşləri çılğındırlar və heç zaman uğursuz çıxışa razı olmazlar.
- İndi necə, keçmiş klubunla əlaqələrin varmı?
- Mən “Xəzər Lənkəran”dan “İnter“ə keçdim. Çünki klubla müqaviləm bitdi və məni daha orda istəmədilər. Amma ordan gedişim mənim üçün şok idi. Azərbaycanın heç bir komandasında ordakı kimi xoşbəxt ola bilməzdim. Ora çox bağlı idim. Məni niyə istəmədiklərini də anlamadım. Bu, mənim karyeramı başa vurmağıma səbəb oldu. Sonra gəldim Braziliyaya. Klubla aramızda nə olursa-olsun, mən "Xəzər Lənkəran"ı çox sevirəm.
Elsevər MƏMMƏDOV
