30 Ocak 2013 Çarşamba

Xəzər Lənkəran”ın Antalyadakı ilk qələbəsi



Antalyada hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, "ağ-yaşıllar" bu dəfə “Zimbru” klubu ilə qarşılaşıb.


Baş məşqçi Karles Bakes Moldova təmsilçisi ilə qarşılaşmada start heyətində Orxan Sadıqlı, Elnur Allahverdiyev, Adrian Skarlatake, Skarduelli Vanderson, Alvaro Silva, Elnur Abdullayev, Marin Orsuliç, Adrian Pit, Uğur Pamuk, Gökhan Güləç və Dimitrios Sialmasa yer verib.

Qarşılaşmaya daha yaxşı başlayan "Zimbru" yaratdığı ilk təhlükəli epizoddaca hesabı açıb. 18-ci dəqiqədə cənub təmsilçisini əks hücumda yaxalayan rəqib "ağ-yaşıllar"ı cəzalandırıb - 0:1. Fasiləyəcən "Xəzər Lənkəran"ın bərabərlik topunu vurmaq üçün yalnız bir şansı oldu ki, onda da Sialmasın zərbəsi qeyri-dəqiq alındı.

Bakes ikinci hissədə Orxanı xorvatiyalı Filip Lançariçlə, Sialması qvatemalalı Henrik Lopes, Pamuk Sadio Tounkara ilə, Marin Orsuliç isə Kazım Kazımlı ilə əvəzlədi.

"Ağ-yaşıllar"ın üstünlüyü ilə keçən ikinci yarıda ilk real qol vəziyyətini də Lənkəran təmsilçisi yaratdı. Əvvəlcə Sadio dirəkdən dönən topa dəqiq zərbə vura bilmədi. Ardından Henrikin zərbəsi qapıçı üçün təhlükəli alındı. Bununla belə, "Xəzər" Antalyada ilk qələbəsini qazana bildi.

83-cü dəqiqədə Pit 3 futbolçunu aldadıb topu tora qovuşdurdu. Bundan ruhlanan "Xəzər Lənkəran" matçın son saniyələrində daha bir qol vurdu. Bu dəfə baxışda olan qvatemalalı hücumçu Henrik Lopes fərqləndi - 2:1.

Qeyd edək ki, “Xəzər Lənkəran” ilk görüşündə Qazaxıstan “Jetusu”su ilə heç-heçə oynayıb (1:1), ikinci qarşılaşmasında Ukrayna “Krivbass”ına 0:6, üçüncü matçda isə Rumıniya “Timişoara”sına 0:2 hesabı ilə uduzub.

“XƏZƏR LƏNKƏRAN” (AZƏRBAYCAN) – “ZİMBRU” (MOLDOVA) - 2:1
Qollar: Adrian Pit, 83; Lopes, 89